Martlet raketinin “Leonardo AW159 Wildcat” helikopterlərində tam əməliyyat hazırlığı səviyyəsinə çatdırılması Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin imkanlarını genişləndirib. Sistem xüsusilə pilotsuz uçuş aparatlarına qarşı mübarizə və dənizdə hücum əməliyyatlarında daha fəal istifadə olunacaq.
Army.az xəbər verir ki, “Thales Group” tərəfindən hazırlanan raket kompleksi 2020-ci ildən “Wildcat” platformalarında tətbiq edilir.
Son sınaqlar zamanı raketin daha aşağı yüksəklikdən istifadəsinin mümkün olduğu təsdiqlənib. Belə ki, əvvəllər 152 metr yüksəklikdən həyata keçirilən buraxılışlardan fərqli olaraq, bu dəfə raket 15 metr hündürlükdən uğurla atılıb.
“Martlet” sistemi Böyük Britaniyanın FASGW proqramı çərçivəsində yaradılıb və əsasən kiçik ölçülü, yüksək sürətli hava və dəniz hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub.
