ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə formalaşdırılması nəzərdə tutulan 1,8 milyard dollarlıq kompensasiya fondunun gələcəyi yenidən müzakirə olunur.
Army.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, Ağ Ev fondun fəaliyyətə başlaması ilə bağlı qərarı təkrar gözdən keçirir.
Bildirilir ki, ABŞ Ədliyyə Nazirliyi daha əvvəl məhkəmə qərarı əsasında fondun icrasının müvəqqəti olaraq dayandırıldığını açıqlamışdı.
Sözügedən fond Donald Trampın vergi məlumatlarının sızdırılması ilə bağlı ABŞ Daxili Gəlir Xidmətinə (IRS) qarşı qaldırdığı iddianın nizamlanması çərçivəsində yaradılmışdı. Plan üzrə vəsaitlərin, administrasiyanın əvvəlki Ədliyyə Nazirliyi rəhbərliyi dövründə haqsız təqibə məruz qaldığını hesab etdiyi şəxslərə ayrılması nəzərdə tutulurdu.
Lakin təşəbbüs Konqresdəki bir sıra respublikaçıların sərt reaksiyasına səbəb olub. Onlar fondun xərclənməsinə nəzarət mexanizmlərinin qeyri-müəyyən olduğunu və vəsaitlərin 2021-ci il yanvarın 6-da Kapitoli binasında baş vermiş hadisələrin iştirakçılarına da yönəldilə biləcəyini iddia edirlər.
