Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) gələcək statusu ilə bağlı aydın mövqe ortaya qoymasını gözlədiyini bəyan edib.
Army.az xəbər verir ki, bu barədə Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev açıqlama verib.
O bildirib ki, İrəvan təşkilatdakı iştirakına dair yekun qərar qəbul etməli və bu barədə tərəfdaşlarını məlumatlandırmalıdır.
Vasilyev vurğulayıb ki, Ermənistan qarşısında iki seçim dayanır: ya KTMT-də fəaliyyətini davam etdirmək, ya da başqa bir yol seçmək.
“Qərar vermək lazımdır – təşkilatda qalacaqlar, yoxsa fərqli ssenariyə üstünlük verəcəklər. Bu barədə bizi məlumatlandırmalıdırlar”, – deyə rusiyalı diplomat qeyd edib.
Onun sözlərinə görə, Moskva Ermənistanın mövqeyinin rəsmən açıqlanmasını gözləyir və bu məsələdə müəyyənliyin yaranmasının vacib olduğunu hesab edir.
