NATO-nun Ankarada keçiriləcək Dövlət və Hökumət Başçıları Zirvəsinin əsas gündəliyi açıqlanıb.
Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyə Prezident Aparatının Kommunikasiya rəhbəri Burhanəddin Duranın verdiyi məlumata görə, sammitdə Avro-Atlantik məkanda təhlükəsizlik vəziyyəti, Ukraynadakı proseslər, alyansın müdafiə qabiliyyətinin gücləndirilməsi və cənub istiqamətində yaranan çağırışlar əsas müzakirə mövzuları olacaq.
Duran bildirib ki, iyulun 7–8-də keçiriləcək görüşdə müdafiə xərclərinin artırılması ilə bağlı qərarların icrası və NATO-nun çəkindirmə və müdafiə imkanlarının gücləndirilməsi “360 dərəcə yanaşma” çərçivəsində qiymətləndiriləcək.
Onun sözlərinə görə, liderlər Avro-Atlantik regiona yönələn təhdidlər və risklər barədə strateji fikir mübadiləsi aparacaq, həmçinin Ukraynadakı vəziyyətlə yanaşı, NATO-nun cənub cinahında baş verən son hadisələri də müzakirə edəcəklər.
