ABŞ-ın müdafiə texnologiyaları şirkəti “Anduril Industries”in qurucusu Palmer Laki hərbi məqsədlər üçün istifadə olunan itlərin genetik modifikasiyası və klonlaşdırılmasını nəzərdə tutan yeni layihəyə başlamağı planlaşdırır.
Army.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bildirilib ki, yeni startap proqram təminatı sahəsində çalışan sahibkar Ben Lammın iştirakı ilə yaradılır. Layihənin məqsədi genetik modifikasiyaya məruz qalmış xidməti itlər yetişdirmək və onları döyüş şəraitində məlumatlılığını artırmağa yönəlmiş texnologiyalarla təchiz etməkdir.
Razılaşmanın təfərrüatlarını bilən mənbənin sözlərinə görə, layihəyə yatırılacaq investisiyanın həcmi 1,2 milyard dollara çata bilər. Maliyyələşmədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəli şirkətlərin də iştirak edəcəyi istisna olunmur.
Ben Lamm bildirib ki, layihənin əsas istiqamətlərindən biri ən yaxşı xidməti itlərin biobankını yaratmaq və sonradan onları klonlaşdırmaqdır. Bununla yanaşı, itlərin iş qabiliyyətini artırmaq və ömrünü uzatmaq məqsədilə genlərinin redaktə edilməsi imkanları da nəzərdən keçirilir.
