İrlandiyada Co Bayden və ailəsi etirazçıların hücumuna məruz qalıb – Onların üzərinə süd paketləri və müxtəlif əşyalar atılıb.
Army.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Hadisə noyabrın 10-da ABŞ-nin sabiq prezidenti Co Baydenin Dublindəki Triniti Kollecinə səfəri zamanı baş verib. O, oğlu Hanter Baydenə kollecin Tarix Cəmiyyətinin ictimai müzakirələrə verdiyi töhfəyə görə qızıl medalın təqdim olunduğu mərasimdə iştirak edib.
Fələstin tərəfdarı olan etirazçılar təhsil müəssisəsinin qarşısına toplaşaraq Bayden və ailə üzvlərinin avtomobil karvanına yaxınlaşdığı vaxt onlara süd paketləri və digər əşyalar atıblar.
Nəşrin yazdığına görə, aksiya iştirakçıları “Əlləriniz qan içindədir”, “Sizə ar olsun” və “Soyqırımçı Co” şüarları səsləndiriblər.
Təhlükəsizlik əməkdaşları dərhal müdaxilə edərək çətirlərlə Baydeni və ailəsini qoruyub, daha sonra onları avtomobilə mindiriblər.
