Estoniya hökuməti döyüş texnikası üzrə böyük bir satınalma proqramını dayandırmağı, bunun əvəzinə dronlar və hava hücumundan müdafiə sistemlərinə üstünlük verməyi planlaşdırır.
Army.az xəbər verir ki, bu barədə Estoniya müdafiə naziri Hanno Pevkur məlumat yayıb.
O bildirib ki, Tallinn təxminən 500 milyon avro dəyərində olan və CV90 IFV zirehli döyüş maşınlarının əvəzlənməsini nəzərdə tutan proqramı dayandırmağı planlaşdırır.
Nazirin sözlərinə görə, mövcud texnikanın xidmət müddəti 10 ilə qədər uzadılacaq:
“Müasir döyüş şəraitində ağır zirehli texnikanın effektivliyi azalır və buna görə də prioritet dəyişdirilir. Ukrayna müharibəsindən çıxarılan dərslərə əsasən Estoniya indi daha çox dronlara, hava hücumundan müdafiəyə və pilotsuz sistemlərə fokuslanır”.
Qərarın ölkənin 2026–2029-cu illəri əhatə edən müdafiə büdcəsinə yenidən baxılarkən təsdiqlənəcəyi gözlənilir. Hazırda Estoniyanın müdafiə büdcəsi təxminən 10 milyard avro təşkil edir.
