Rusiyada “Supercam UAV” bazasında zərbə dronlarının qrup şəklində tətbiqi üçün yeni sistem hazırlanıb.
Army.az xəbər verir ki, bu barədə “Rostec” məlumat yayıb.
Bildirilir ki, modernləşdirilmiş aparatlara təkmilləşdirilmiş məlumat ötürmə sistemləri quraşdırılıb. Bu sistem dronların vahid kompleks daxilində aşkar etdikləri hədəflər barədə avtomatik məlumat mübadiləsi aparmasına imkan verir.
Məlumata görə, sistem artıq ilkin poliqon sınaqlarından keçirilib. Testlər zamanı dron qrupu patrul rejimində ərazini axtarış məqsədilə izləyib.
Hədəf aşkarlandıqda bir dron koordinatları digərinə ötürüb, operator tərəfindən təsdiqləndikdən sonra isə bir neçə dron eyni anda hücum həyata keçirib. Bildirilir ki, bu konsepsiya çərçivəsində bir operator eyni vaxtda 10-a qədər kamikadze dronu idarə edə bilir.
Bundan əlavə, sistem neyron şəbəkə əsaslı analiz elementlərindən istifadə edir. Bu, hədəflərin avtomatik tanınmasını, dronlar arasında tapşırıqların bölünməsini, hücumların ardıcıllığının müəyyənləşdirilməsini və nəticələrin yoxlanılması üçün ayrıca dronun təyin edilməsini təmin edir.
Rusiya tərəfi iddia edir ki, bu texnologiya gələcəkdə hava hücumundan müdafiə sistemlərinin yarılmasını asanlaşdıra və mürəkkəb hədəflərə kütləvi zərbə imkanlarını artıra bilər.
Supercam S350 isə kəşfiyyat, müşahidə və atəş tənzimlənməsi üçün nəzərdə tutulmuş taktiki pilotsuz aparat ailəsinə daxildir. Bu dronlar katapultla havaya buraxılır və paraşütlə və ya təyyarə tipli enişlə yerə enir.
Ən geniş istifadə olunan model S350-dir. O, 4–5 saata qədər havada qala bilir və idarəetmə məntəqəsindən 100–120 km məsafədə fəaliyyət göstərə bilir. Dronlar gündüz və gecə müşahidəsi üçün optik və infraqırmızı kameralarla təchiz olunub.
