İranın Belarusdakı səfiri Əlirza Sanei ABŞ və İsraili diplomatik prosesləri pozmaqda və danışıqlara xəyanət etməkdə ittiham edib.
Army.az xəbər verir ki, iranlı diplomat bu barədə TASS agentliyinə müsahibəsində danışıb.
Əlirza Sanei bildirib ki, Tehran hər zaman dialoq və siyasi həll variantının tərəfdarı olub.
Onun sözlərinə görə, əgər qarşı tərəf yalnız öz maraqlarını qəbul etdirməyə çalışırsa, belə prosesi danışıqlar adlandırmaq mümkün deyil.
Diplomat vurğulayıb ki, İran danışıqlardan yayınmır, lakin birtərəfli şərtlərin qəbul etdirilməsi faktiki olaraq təslim olma tələbidir.
Səfir həmçinin qeyd edib ki, fevral ayında keçirilən müzakirələr zamanı İran nüvə proqramı ilə bağlı kifayət qədər konstruktiv və ciddi təkliflərlə çıxış edib.
