FETÖ terror təşkilatının 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd zamanı və ondan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğana qarşı bir neçə sui-qəsd planı hazırladığı bildirilir.
Army.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.
Məlumata görə, planlardan birinə əsasən, Ərdoğanın hərbi təlimlərdən biri zamanı öldürülməsi nəzərdə tutulub. Lakin xüsusi xidmət orqanlarının tədbirlə bağlı şübhəli məqamları müəyyən etməsindən sonra prezidentin həmin tədbirdə iştirakı ləğv edilib.
İddialara görə, sui-qəsd planı Misirin sabiq prezidenti Ənvər Sədatın öldürülməsi ssenarisinə əsaslanıb. Ərdoğanın hərbi parad zamanı rəsmi tribunada və ya tədbir iştirakçıları arasında olduğu vaxt silahlı hücuma məruz qalması planlaşdırılıb.
Xatırladaq ki, 1981-ci il oktyabrın 6-da Misir Prezidenti Ənvər Sədat Qahirədə 1973-cü il müharibəsinin ildönümünə həsr olunmuş hərbi parad zamanı radikal islamçı hərbçilərin hücumu nəticəsində qətlə yetirilib.
