Ermənistan hökumətinin sabah keçiriləcək iclasında ABŞ ilə imzalanmış Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişinin ratifikasiyası məsələsinə baxılacaq.
Army.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, hökumət “Beynəlxalq Sülh və Rifah üçün Trampın Marşrutu” (TRIPP) layihəsi çərçivəsində Ermənistan və Amerika Birləşmiş Ştatları arasında əldə olunan razılaşmanın təsdiqi ilə bağlı qanun layihəsini qəbul etməyə hazırlaşır.
Sənəddə qeyd olunur ki, beynəlxalq müqavilə ilə müəyyən edilmiş öhdəliklərin Ermənistan Konstitusiyasına uyğunluğunun qiymətləndirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət ediləcək.
Məhkəmə saziş üzrə öhdəliklərin ölkə qanunvericiliyinə uyğun olduğunu təsdiqlədiyi halda, hökumət ratifikasiya prosesinin davam etdirilməsi üçün müvafiq qanun layihəsini Ermənistan parlamentinə təqdim edəcək.
Qərar layihəsində Ermənistan Xarici İşlər nazirinin müavini Vahan Kostanyanın hökumətin Konstitusiya Məhkəməsindəki nümayəndəsi təyin olunması da nəzərdə tutulur.Sazişin 2026-cı il iyunun 1-də Vaşinqtonda, iyunun 4-də isə İrəvanda imzalandığı bildirilir.
Sənəd TRIPP layihəsi çərçivəsində Ermənistan və ABŞ arasında strateji əməkdaşlığın hüquqi əsaslarını müəyyən edir.
