Ermənistanın Gümrü şəhərində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Rusiyanın 102-ci hərbi bazasının 25 yaşlı müqaviləli hərbi qulluqçusu Maksim B. saxlanılıb.
Army.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Məlumata görə, hərbçi narkotik vasitə saxlama və onun qanunsuz dövriyyəsində iştirak etməkdə şübhəli bilinir. Polis tərəfindən aparılan axtarış zamanı onun üzərindən 1,2 qram narkotik maddə aşkarlanıb.
“Hraparak” yazır ki, hərbi qulluqçu ilə bağlı daha əvvəl də şikayətlər daxil olub. Məhz bu səbəbdən onun hüquq-mühafizə orqanlarının diqqətinə düşdüyü bildirilir. Maksim B.-nin təxminən bir ildir Gümrüdə yaşadığı qeyd olunur.
Hadisə ilə bağlı toplanmış materiallar Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə göndərilib. Fakt üzrə cinayət işi başlanıb.
