Panama bayrağı altında üzən “On Peace” neft tankeri Hörmüz boğazından keçərkən silahlı hücuma məruz qalıb.
Army.az xəbər verir ki, bu barədə “Kommersant” Hindistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Hindistan XİN-in açıqlamasına görə, gəminin 19 nəfərlik heyətindən 17-si Hindistan vətəndaşıdır. Hücum nəticəsində 12 dənizçi yaralanıb. Yaralananlar arasında 11 Hindistan vətəndaşının olduğu bildirilib.
Oman hakimiyyətinin dəstəyi ilə yaralı heyət üzvləri gəmidən təxliyə edilərək Əl-Xəsəbə çatdırılıb. Onlara burada tibbi yardım göstərilir.
Hindistan Xarici İşlər Nazirliyi ticarət gəmilərinə qarşı hücumların davam etməsindən narahatlığını ifadə edib və belə insidentlərin dərhal dayandırılmasına çağırıb.
Qurum beynəlxalq sularda təhlükəsiz gəmiçiliyin və ticarət əlaqələrinin mümkün qədər qısa müddətdə bərpa edilməsinin vacibliyini də vurğulayıb.
