Böyük Britaniyanın enerji bazarını tənzimləyən qurumu “Ofgem” İranda baş verən müharibənin mənfi nəticələri səbəbindən aprel–iyun dövrü üçün ev təsərrüfatları üzrə elektrik enerjisi tariflərinin yuxarı həddini 13 faiz artırıb.
Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İran və ABŞ tərəfindən Hörmüz boğazının bloklanması əsas enerji resurslarının qiymətlərinin kəskin bahalaşmasına gətirib çıxarıb.
Təchizat zəncirində yaranan ciddi fasilələr fonunda Böyük Britaniyada qazın topdansatış qiyməti böhran öncəsi göstərici ilə müqayisədə təxminən 45 faiz artıb. Bu isə “Ofgem”i yerli əhali üçün elektrik tariflərini artırmağa məcbur edib.
Dəyişiklik əsasən dəyişkən tarif sistemindən istifadə edən milyonlarla Britaniya ev təsərrüfatına təsir göstərəcək. Orta hesabla artım 221 funt sterlinq təşkil edib — limit 1641 funtdan 1862 funta yüksəlib.
Materialda qeyd olunur ki, əgər Hörmüz boğazının blokadası uzun müddət davam edərsə, enerji qiymətlərində artım daha da ciddi ola bilər.
