İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsün daimi şəkildə İsrailin nəzarətində qalacağını bəyan edib və İranla yanaşı digər düşmən qüvvələrə qarşı əldə olunan hərbi nəticələri yüksək qiymətləndirib.
Army.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Netanyahu sözügedən açıqlamaları Qüds Gününə həsr edilmiş rəsmi mərasimdə səsləndirib.
İsrail hökumət başçısı bildirib ki, İran rejimi əvvəlki dövrlərlə müqayisədə daha zəif vəziyyətdədir, İsrail isə hərbi və siyasi baxımdan daha güclü mövqedə dayanır. Onun sözlərinə görə, ölkəsi radikal islamçı təhdidlərə qarşı sərt mübarizəni davam etdirəcək.
Netanyahu həmçinin iddia edib ki, İsrail bu ilin əvvəlində İranın nüvə və ballistik raket proqramlarına qarşı hərbi əməliyyatlara başlamasaydı, Tehran artıq nüvə silahı əldə etmiş olardı.
Baş nazir vurğulayıb ki, İsrailin düşmənləri yalnız ölkəni məhv etməyə deyil, həm də yəhudiləri Qüdsdən uzaqlaşdırmağa çalışırlar. O bildirib ki, buna imkan verilməyəcək və şəhər yalnız İsrailin idarəçiliyi altında bütün dinlər və xalqlar üçün açıq qala bilər.
