Rusiya artıq orta mənzilli ballistik raketlər olan “Oreşnik” sisteminin məhdud seriyalı istehsalına başlayıb. Ayda 1 ədəd istehsal edirlər. Sözügedən texnikanın əsas üstünlükləri nələrdir? Rusiya üçün mahiyyəti nədir? Bunun istəhsalı sürətlənərsə, Ukrayna müharibəsinə necə təsiri olacaq?
Army.az-a danışan politoloq Turab Rzayev deyib ki, Rusiya artıq hərbi strategiyasında dəyişikliklər etməyə çalışır və bununla bağlı həm yeni silah növlərini modifikasiya edir, həm də mövcud silahların istehsalını artırmağa yönəlir:
“Xüsusilə hücum potensialının gücləndirilməsi üçün daha müasir raket sistemlərindən istifadəyə üstünlük verilir. Son günlərdə Ukraynaya qarşı həyata keçirilən bombardmanlarda da əvvəllər nisbətən az istifadə olunan silahların tətbiqi diqqət çəkir. Burada əsasən “X-47M2 Kinjal” “Oreşnik” və digər müasir raket sistemlərindən söhbət gedir.

Halbuki əvvəlki dövrlərdə Rusiya uzun müddət daha köhnə texnika və silahlardan istifadə edirdi. Hətta bəzi hallarda Sovet dövründən qalan silah ehtiyatlarının istifadəsi müşahidə olunurdu və bu da Rusiyanın niyə daha müasir sistemləri aktiv tətbiq etmədiyi ilə bağlı suallar yaradırdı. Lakin hazırkı mərhələdə görünür ki, daha sürətli, daha dəqiq və daha dağıdıcı raketlərə üstünlük verilir.
Bu tip raketlərin əsas üstünlüyü ondan ibarətdir ki, onlar daha yüksək sürətə malikdir, hava hücumundan müdafiə sistemlərini aşmaq qabiliyyəti daha yüksəkdir və nisbətən daha az resursla daha böyük təsir yarada bilir. Müşahidələr göstərir ki, bəzi hallarda Ukraynanın hava müdafiə sistemləri bu tip raketləri zərərsizləşdirməkdə çətinlik çəkir və onlar hədəfə çatır”.
Politoloqun sözlərinə görə, Rusiyanın bu raketlərdən istifadəsinin iki əsas səbəbi ola bilər:
“Birincisi, daha dəqiq və daha effektiv zərbələr endirmək istəyi. İkincisi isə köhnə raket ehtiyatlarının azalması və nəticədə yeni nəsil raketlərdən istifadəyə keçid zərurəti. Daha əvvəl də “Kalibr” və “İskəndər”, “İskəndər M” tipli raketlərin intensiv istifadəsi ilə bağlı müzakirələr aparılırdı.
Eyni zamanda ehtimal olunur ki, Rusiya raket istehsalını sürətləndirməyə çalışır. Çünki raket istehsalı mürəkkəb və zaman tələb edən prosesdir və döyüşlərdə istifadə olunan sursat həcmi nəzərə alınanda ehtiyatların davamlı yenilənməsi vacib olur.
Digər tərəfdən, Rusiya yalnız hücum imkanlarını deyil, müdafiə sistemlərini də gücləndirməyə çalışır. Xüsusilə dron və raket hücumlarına qarşı müdafiə tədbirlərinin genişləndirilməsi istiqamətində addımlar atıldığı bildirilir. Bütün bunlar onu göstərir ki, Moskva Ukrayna müharibəsində hərbi təzyiq imkanlarını qorumağa və mövcud şəraitdən istifadə edərək əməliyyat məqsədlərini irəli aparmağa çalışır”.
