ABŞ Hərbi Hava Qüvvələrinin onilliklərdir istifadə olunan B-52 Stratofortress bombardmançılarının modernizasiya proqramı uzun müddət davam edən gecikmələr və xərc artımlarından sonra daha sabit mərhələyə keçib.
Army.az xəbər verir ki, bu barədə Konqresdə keçirilən dinləmələrdə yüksək vəzifəli hərbi rəsmilərdən biri məlumat verib.
ABŞ Hərbi Hava Qüvvələrinin satınalma məsələlərinə cavabdeh vəzifəsini icra edən Villiam Bailey bildirib ki, o, həm dövlət, həm də sənaye nümayəndələri ilə görüşlər keçirərək proqramdakı problemlərin səbəblərini araşdırıb və nəticələrdən razı qalıb. Onun sözlərinə görə, layihənin həm xərcləri, həm də icra qrafiki artıq daha stabil vəziyyətə gətirilib.
Konqres üzvü Clay Higins isə maliyyə intizamının vacibliyini vurğulayaraq, bu tip iri layihələrdə xərclərin diqqətlə idarə olunmalı olduğunu bildirib. O qeyd edib ki, ayrılan vəsaitlərin düzgün planlaşdırılması əlavə büdcə aşımalarının qarşısını almalıdır.
Proqram çərçivəsində ABŞ 76 ədəd B-52 təyyarəsinin xidmət müddətini ən azı 2050-ci illərə qədər uzatmağı hədəfləyir. Modernizasiya işlərinin əsas hissələrindən biri köhnə mühərriklərin yenilənməsidir.
Bu məqsədlə Pratt & Whitney şirkətinə məxsus TF33 mühərriklərinin yerinə Rolls-Royce istehsalı olan F130 mühərriklərinin quraşdırılması planlaşdırılır.
Rəsmi hesablamalara görə, mühərriklərin dəyişdirilməsi proqramının ümumi dəyəri təxminən 15 milyard dollara yüksəlib. Əvvəlki proqnoz isə 12,5 milyard dollar idi. Eyni zamanda, layihənin ilkin əməliyyat qabiliyyətinə çatma tarixi də təxminən üç il gecikərək 2033-cü ilə qədər uzanıb.
