Moldova ərazisində pilotsuz uçuş aparatının (PUA) aşkarlanması Kişinyov və Moskva arasında növbəti diplomatik gərginliyə səbəb olub.
Army.az xəbər verir ki, hadisədən sonra Moldova Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfiri Oleq Ozerovu izahat vermək üçün nazirliyə çağırıb.
Moldova XİN-in açıqlamasına görə, iyulun 13-də tapılan pilotsuz uçuş aparatı Rusiyaya məxsusdur.
Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov isə ittihamları rədd edib. O bildirib ki, Kişinyov heç bir konkret sübut təqdim etmədən Moskvanı günahlandırır.
Diplomatın sözlərinə görə, Moldova hakimiyyəti Avropa İttifaqının mövqeyinə əsaslanaraq ölkədə baş verən hadisələrə görə Rusiyanı məsuliyyət daşımaqda ittiham edir. Ozerov əlavə edib ki, bu iddialar faktlara söykənmir və iki ölkə arasında diplomatik təmaslar demək olar ki, yalnız bu cür etiraz notaları ilə məhdudlaşır.
