Nyu-Yorkun meri Zöhran Mamdani İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün şəhərə gələrsə, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı əsasında onun həbs edilə biləcəyini bildirib.
Army.az xəbər verir ki, bu barədə Mamdani “The New York Times” qəzetinə müsahibəsində danışıb.
“Düşünürəm ki, Baş nazir Netanyahu Haaqada olmalıdır. O, BCM tərəfindən ittiham irəli sürülmüş hərbi cinayətkardır”, – deyə Demokratlar Partiyasının nümayəndəsi bildirib.
Mamdani qeyd edib ki, Nyu-York meriyası hazırda belə bir qərarın icra imkanlarını şəhər polis departamenti ilə müzakirə edir. Bununla belə, o, İsrail Baş nazirinin saxlanılması üçün hüquqi normaları süni şəkildə dəyişmək niyyətində olmadığını vurğulayıb.
Mer əlavə edib ki, Netanyahu ilə bağlı həbs qərarının icra olunmasını İsrailin Qəzza zolağı və İordan çayının qərb sahilində fələstinlilərə qarşı siyasətindən narazı olan çox sayda insan dəstəkləyir.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio daha əvvəl Rusiya Prezidenti Vladimir Putin və Benyamin Netanyahu barəsində həbs orderləri verən BCM-ni ləğv edəcəyinə söz verib. Rubio məhkəmənin ABŞ-a qarşı “güllə və ya raketlərlə deyil”, “beynəlxalq hüquq adlandırılan qüvvədən istifadə etməklə müharibə apardığını” bildirib.
