Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyədən ölkəyə mal idxalı ilə bağlı prosedurlarda dəyişiklik ediləcəyini açıqlayıb.
Army.az xəbər verir ki, Ermənistan mediası bu barədə məlumat yayıb.
Paşinyan bildirib ki, indiyədək Türkiyə məhsullarının birbaşa Ermənistana göndərilməsi rəsmi şəkildə mümkün olmayıb.
Onun sözlərinə görə, bu səbəbdən mallar əvvəlcə üçüncü ölkələrə daşınır, daha sonra isə müxtəlif prosedurlardan keçərək Ermənistana çatdırılırdı.
Paşinyan qeyd edib ki, Ermənistan bazarında Türkiyə istehsalı olan məhsullar kifayət qədər geniş yayılıb.
“Bu, əlavə mərhələlər tələb edən proses idi. Mallar başqa ölkəyə göndərilir, müəyyən emaldan sonra isə Ermənistana gətirilirdi”, – deyə baş nazir bildirib.
O əlavə edib ki, yeni dəyişikliklər logistika və rəsmiləşdirmə prosesini daha sadə hala gətirə bilər.
