Polşa ABŞ-dən aldığı F-35PL beşinci nəsil döyüş təyyarələrinin ilk hissəsini ölkə ərazisində qəbul edib.
Army.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat yayıb.
Nazirin sözlərinə görə, yeni təyyarələr ölkənin Lask hərbi hava bazasına eniş edib. Bildirilir ki, onların rəsmi təqdimatı iyunun 12-də keçiriləcək. İlk mərhələdə Polşaya üç ədəd F-35PL çatdırılıb.
Tədarük planına əsasən, ilin sonuna qədər əlavə 14, 2027-ci ilin sonunadək isə daha 12 təyyarənin verilməsi nəzərdə tutulur. Bununla da Polşanın sifariş etdiyi F-35 parkı mərhələli şəkildə genişlənəcək və hazırda ölkənin inventarına rəsmi daxil edilən təyyarələrin sayı səkkizə çatıb.
Məlumata görə, qalan beş təyyarə polşalı pilotların, təlimatçıların və texniki heyətin hazırlıq proqramı çərçivəsində hələlik ABŞ-də saxlanılacaq.
Vladislav Kosinyak-Kamış bu hadisəni ölkənin müdafiə qabiliyyəti üçün mühüm mərhələ kimi qiymətləndirib. O bildirib ki, F-35 platformalarının yerləşdirilməsi NATO-nun şərq cinahında yeni imkanlar formalaşdırır və regional təhlükəsizlik mühitinə təsir göstərə bilər.
