NATO Qara dənizdə artan təhlükəsizlik riskləri fonunda pilotsuz uçuş aparatlarına qarşı müdafiə imkanlarını genişləndirməyi nəzərdən keçirir. Bölgədə yerləşən Bolqarıstan, Rumıniya və Türkiyə alyansdan Qara dənizin təhlükəsizliyinə daha çox diqqət yetirməyi və bu istiqamətdə koordinasiyalı dəstək göstərməyi tələb ediblər.
Army.az xəbər verir ki, bu barədə Rumıniya prezidenti Nikuşor Dan məlumat verib.
Onun sözlərinə əsasən, üç ölkə Qara dənizdə yaranmış risklərin aradan qaldırılması üçün NATO-nun rolunun artırılmasını vacib hesab edir.
Oktyabrın 15-də alyansın baş katibi Mark Rütte Bolqarıstanın baş naziri Rumen Radev və Rumıniya prezidenti Nikuşor Danla görüşərək Qara dənizdəki vəziyyəti müzakirə edib. Danışıqlarda ticarət gəmilərinə qarşı son hücumlar və onların regional təhlükəsizliyə mümkün təsirləri diqqət mərkəzində olub.
Görüşdən sonra açıqlama verən Rütte NATO-nun şərq cinahında müdafiə tədbirlərinin artıq gücləndirildiyini bildirib. O, xüsusilə pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanlarının artırıldığını vurğulayıb.
Baş katibin sözlərinə görə, alyans bölgədəki təhlükəsizlik şəraitini nəzərə alaraq müdafiə strategiyasını yeniləməyə və zəruri tədbirləri davam etdirməyə hazırdır.
