Rusiya ordusunun pilotsuz uçuş aparatlarından istifadə taktikasında yeni istiqamət formalaşır. Rusiya yeni modifikasiyalı “Gəran” və “Banderol” tipli dronlara daha çox üstünlük verməyə başlayıb.
Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, bu aparatların əsas üstünlüyü daha yüksək sürətə malik olmalarıdır. Sürətin artması hava hücumundan müdafiə sistemlərinin hədəfi aşkar etməsi və zərərsizləşdirməsi üçün mövcud vaxtı azaldır.
Ekspertlərin bildirdiyinə görə, bəzi reaktiv modifikasiyaların saatda təxminən 600-700 kilometr sürət yığa bildiyi qeyd olunur. Bu isə onların qarşısının alınmasını əvvəlki modellərlə müqayisədə daha çətinləşdirə bilər.
Bununla yanaşı, reaktiv dronların genişmiqyaslı istehsalının qarşısında bir sıra maneələr var. Əsas problemlər arasında reaktiv mühərriklərin baha və mürəkkəb olması, həmçinin müəyyən xarici komponentlərdən asılılıq göstərilir.
Mütəxəssislər hesab edir ki, belə dronların müxtəlif hava hücumundan müdafiə vasitələri ilə məhv edilməsi mümkündür. Nisbətən yavaş hədəflərə qarşı dron-müdaxiləçilərdən istifadə oluna bilər. Daha sürətli aparatların qarşısının alınması üçün isə qanadlı raketlərlə işləyə bilən HHM sistemlərinə ehtiyac yaranır.
Digər tərəfdən, ucuz pilotsuz aparatı bahalı zenit raketi ilə vurmaq iqtisadi baxımdan səmərəli hesab edilmir. Bu səbəbdən reaktiv dronların yayılması təkcə hərbi deyil, həm də HHM sistemləri üçün iqtisadi problem yarada bilər.
