Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkəyə satılması ilə bağlı yeni iddia ortaya çıxıb.
Army.az xəbər verir ki, bu barədə İsrailin “Natziv Net” portalı məlumat yayıb.
Bildirilib ki, Misir Türkiyənin arsenalında olan S-400 komplekslərini əldə etmək imkanını nəzərdən keçirir.
Hazırda Misir ordusunun silahlanmasında Rusiyanın istehsalı olan S-300VM sistemləri ilə yanaşı, “Tor-M1” və “Buk-M2” hava hücumundan müdafiə kompleksləri də mövcuddur.
Məlumata əsasən, Qahirənin Türkiyədəki S-400-lərə marağının səbəblərindən biri silah tədarükü mənbələrini şaxələndirmək strategiyası ola bilər.
İddia edilən satış planının İsraildə narahatlıq doğurduğu da qeyd olunur.
