Ukraynanın keçmiş müdafiə naziri Aleksey Reznikov ölkədə qadınların da hərbi xidmətə çağırılması məsələsinin nəzərdən keçirilməsini təklif edib.
Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, Reznikov xüsusilə pilotsuz uçuş aparatlarının idarə olunması sahəsində qadınların müəyyən üstünlüklərə malik ola biləcəyini iddia edib.
Keçmiş nazir qadınların təhlükəyə reaksiyasının daha sürətli olduğunu və periferik görmə qabiliyyətlərinin daha yaxşı inkişaf etdiyini bildirib. O, bu xüsusiyyətlərin dronların idarə olunması kimi sahələrdə faydalı ola biləcəyini vurğulayıb.
Reznikovun fikrincə, Ukrayna qadınların hərbi xidmətə cəlb olunması ilə bağlı İsrail, Danimarka, İsveç, Norveç və Niderlandın təcrübəsini araşdırmalıdır.
Qadınların Ukrayna ordusunda səfərbərliyə cəlb edilməsi ideyası daha əvvəl də ABŞ prezidentinin keçmiş xüsusi nümayəndəsi Kit Kelloq tərəfindən səsləndirilib. O, qadınların kişilərdən heç də pis döyüşmədiyini bildirərək Ukraynanın qadınların səfərbərliyinə başlamalı olduğunu deyib.
Kelloq bu fikrini əsaslandırarkən həyat yoldaşını nümunə göstərib və onun Qrenadada döyüşdüyünü iddia edib.
