Yəmən sahillərində neft məhsulları daşıyan tanker silahlı quldurların hücumuna məruz qalaraq ələ keçirilib. Hadisədə Somali əsilli quldurların iştirak etdiyi bildirilir.
Army.az xəbər verir ki, altı silahlı şəxs Əl-Mükəlla şəhərindən təxminən 136 dəniz mili şərqdə hərəkət edən “M.T. Sibu 1” tankerinə nəzarəti ələ keçirib.
Eritreya bayrağı altında üzən gəminin daha sonra Somalinin Puntland bölgəsinin sahillərinə doğru aparıldığı bildirilib.
Hadisə zamanı tankerin göyərtəsində 20 nəfərlik heyət olub. Onlardan 16-sı Hindistan, biri Suriya, biri Sudan, biri isə İraq vətəndaşıdır. Ekipajın daha bir üzvünün vətəndaşlığı barədə məlumat açıqlanmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır və tankerin hazırkı vəziyyəti barədə əlavə məlumat gözlənilir.
