Rusiya ilə Ermənistan arasında münasibətlərin gərginləşməsi fonunda Moskvanın İrəvana təsir imkanlarını genişləndirə biləcəyi bildirilir. Bu çərçivədə mümkün addımlardan biri əmək miqrasiyası ilə bağlı qaydaların sərtləşdirilməsi ola bilər.
Army.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Rusiya hansı yeni “alətlərdən” istifadə etməyə hazırlaşır: daha sərt məhdudiyyətlər mərhələsinin astanasında” sərlövhəli yazısında bu məsələyə toxunub.
Nəşrin yazdığına görə, ritmeurasia.ru saytında yayımlanan materialda İrəvanın xarici siyasət kursunu Qərbə doğru dəyişmək cəhdlərinin Moskva ilə münasibətlərə mənfi təsir etdiyi qeyd olunur.
Məqalədə bildirilir ki, Ermənistanın geosiyasi istiqamətindəki dəyişikliklərə cavab olaraq Rusiya İrəvana təsir göstərmək üçün yeni mexanizmlər üzərində düşünür. Bu vasitələr sırasında əmək miqrasiyasına dair daha sərt məhdudiyyətlərin tətbiqi də nəzərdən keçirilə bilər.
