Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin də iştirak edəcəyi Şanxay Əməkdaşlıq Təşkilatının sammiti avqustun 31-də Bişkekdə başlayacaq.
Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, iki gün davam edəcək tədbirə ümumilikdə 17 dövlətin liderinin qatılması gözlənilir. Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edəcək.
Tədbir çərçivəsində ŞƏT-ə üzv və tərəfdaş dövlətlərin nümayəndələri ilə yanaşı, BMT-nin Baş katibi Antonio Quterreş, MDB və KTMT-nin rəsmiləri də görüşlərdə iştirak edəcəklər.
“ŞƏT+” formatında keçiriləcək müzakirələrdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, beynəlxalq hüquq, nəqliyyat dəhlizlərinin inkişafı və rəqəmsal əməkdaşlıq istiqamətləri əsas mövzular arasında olacaq.
Sammitin sonunda Şanxay Əməkdaşlıq Təşkilatının 25 illiyi ilə əlaqədar birgə bəyannamənin qəbul ediləcəyi gözlənilir.
