Şimali Kiprin Girnə şəhəri yaxınlığında təxminən 260 sərnişinin olduğu bərə qəza nəticəsində batıb.
Army.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı Şimali Kiprin İctimai İşlər və Nəqliyyat naziri Erhan Arıklı açıqlayıb.
Nazirin bildirdiyinə görə, Girnədən Türkiyənin Mersin şəhərindəki Taşucu limanına istiqamət götürən gəmi sahildən təxminən 4 mil məsafədə olarkən su almağa başlayıb. Vəziyyətin ağırlaşmasından sonra bərə çevrilərək dənizə qərq olub.
Qəza xəbərindən sonra bölgədə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına start verilib. İşlərə Sahil Mühafizəsinin katerləri ilə yanaşı helikopterlər və yaxınlıqda olan mülki gəmilər də cəlb edilib.
Hazırda ekipaj və sərnişinlərin xilas edilməsi istiqamətində əməliyyat davam etdirilir.
