Finlandiyanın F-35A “Lightning II” proqramında mühüm mərhələ geridə qalıb. Ölkənin müdafiə şirkəti “Patria” F-35A qırıcılarında istifadə olunacaq ilk F135 mühərrikinin yerli yığımını başa çatdırıb.
Army.az xəbər verir ki, mühərrikin istehsalı Nokia şəhərinin Linnavuori bölgəsində yerləşən yeni müəssisədə həyata keçirilib.
Bu addım Finlandiyada F-35 proqramı çərçivəsində mühərriklərin istehsalı və texniki xidmətinin yerli imkanlarla həyata keçirilməsi baxımından əhəmiyyətli hesab olunur.
İlk F135 mühərrikinin tamamlanması Finlandiyanın F-35A qırıcılarının ölkəyə gətirilməsinə hazırlıq mərhələsinə təsadüf edib. İlk təyyarələrin 2026-cı ilin payızında Rovaniemi şəhərində yerləşən Lapland Hava Qanadına çatdırılması planlaşdırılır.
“Patria” ilə RTX korporasiyasının tərkibinə daxil olan “Pratt & Whitney” arasında F135 mühərriklərinin Finlandiyada son yığımının təşkili ilə bağlı müqavilə 2026-cı ilin fevralında imzalanıb.
Linnavuori zavodunda istehsalın davam etdirilməsi və F135 mühərriklərinin Finlandiyada yığılmasının 2030-cu ilədək həyata keçirilməsi nəzərdə tutulur.
