Ermənistanda təxminən 20 il əvvəl dövlət mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsi zamanı mümkün qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.
Army.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Araşdırmanın predmeti Araqatsotn rayonunda yerləşən restoran kompleksi və ona aid 2,56 hektar torpaq sahəsidir.
İstintaqa səbəb olan sövdələşməyə əsasən, dövlətə məxsus bina və tikililərin satılmasına hökumətin qərarı ilə icazə verilib. Qərarın qəbul edildiyi vaxt Ermənistanın müdafiə naziri Serj Sərkisyan olub.
Məlumata görə, əmlakın fiziki şəxsə birbaşa 500 min ABŞ dollarına satılması nəzərdə tutulub.
Prokurorluğun məlumatında qeyd edilir ki, həmin əmlak hələ 1997-ci ildə 500 min dollar məbləğində qiymətləndirilib. Sonrakı illərdə restoran kompleksində genişləndirmə və tikinti işləri aparılıb, ərazi abadlaşdırılıb.
Əmlakın özgəninkiləşdirilməsindən bir il sonra, 2005-ci ildə isə kompleksin ləğvetmə dəyəri 700 min dollar olaraq müəyyənləşdirilib.
