Türkiyənin İstanbul şəhərində yağan güclü leysan son 41 ilin ən yüksək yağıntı göstəricilərindən birinin qeydə alınmasına səbəb olub. Beykoz rayonunda bir kvadratmetrə 242 kiloqram, Eyüpsultanda 190,5 kiloqram, Sarıyerdə isə 187,9 kiloqram yağıntı düşüb.
Army.az xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) məlumatına görə, şəhərin bir çox ərazisində yağıntının miqdarı bir kvadratmetrə 100 kiloqramı ötüb.
Xüsusilə Bosfor boğazı ətrafında, eləcə də Avropa hissəsinin şimal və mərkəzi rayonlarında bu göstərici 100-230 kiloqram arasında dəyişib. Qeydə alınan rəqəmlər 1985-ci ildən bəri ən yüksək göstəricilər sırasındadır.
Yağışın fəsadlarının aradan qaldırılması üçün 8 392 əməkdaş və 2 246 nəqliyyat vasitəsi səfərbər edilib. Saat 23:30-a qədər bələdiyyənin müvafiq qurumlarına 6 937 müraciət daxil olub.
Güclü yağıntılar səbəbindən 15 metro, tramvay və funikulyor xəttinin iş saatları uzadılıb. Metrobusların isə səhərədək fəaliyyət göstərəcəyi bildirilib. Bələdiyyəyə məxsus sosial müəssisələr də gecə küçədə qalan sakinlərin ehtiyaclarını qarşılamaq üçün səhərədək açıq olacaq.
İstanbul Fəlakət Koordinasiya Mərkəzi xüsusilə şəhərin Anadolu hissəsində və Bosfor ətrafında yağışın davam edəcəyi barədə xəbərdarlıq edib. Proqnoza görə, cümə axşamı saat 10:00-dək bəzi ərazilərdə bir kvadratmetrə əlavə 50-75 kiloqram yağıntı düşə bilər. Küləyin sürətinin isə saatda 50-80 kilometrə çatacağı gözlənilir.
