Ermənistanın Baş naziri Nikol Paşinyan yolu azaraq ölkə ərazisinə keçən azərbaycanlı çobanın hərbçilər tərəfindən saxlanılaraq Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verildiyini bildirib.
Army.az xəbər verir ki, Paşinyan hadisəyə münasibət bildirərkən şəxsin sərhədi keçdiyinə görə öldürülməli olub-olmadığını sual edib.
“Onun piyada gəldiyini görüblər, saxlayıb təhvil veriblər. Onu İrəvanda “Respublika” meydanından tutmayıblar”, – deyə baş nazir vurğulayıb.
O, dünyada keçilməsi mümkün olmayan sərhədin olmadığını deyərək azərbaycanlı vətəndaşın Azərbaycan sərhədini necə keçdiyi məsələsinin də müzakirə olunmasını istəyib.
Qeyd edək ki, Ermənistan MTX-si 19 oktyabrda Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Qasımovun Tavuş vilayətində aşkarlandığını təsdiqləyib. Qurum onun yolu azaraq Ermənistan ərazisinə keçdiyini və Azərbaycana qaytarılması üçün tədbirlərin görüldüyünü açıqlayıb.
