Əbu-Dabidə keçirilməsi planlaşdırılan danışıqlar Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli formatda təşkil olunacaq.
Army.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa ölkələrinin Əbu-Dabidəki görüşlərə qoşulmaq niyyətini şərh edərkən TASS-a açıqlamasında deyib.
Peskovun sözlərinə görə, yaxın günlərdə baş tutacaq təmaslarda ABŞ vasitəçi qismində çıxış edəcək və danışıqların iştirakçıları Rusiya, Ukrayna və Amerika nümayəndələri olacaq.
Kremlin sözçüsü Avropa ölkələrinin mümkün iştirakına da münasibət bildirib. O qeyd edib ki, ABŞ və Ukraynanın Avropa tərəfdaşları ilə ayrıca əlaqə kanalları mövcuddur və tərəflər arasında koordinasiya mexanizmləri formalaşmaqdadır.
Bununla belə, Peskov bir daha vurğulayıb ki, Əbu-Dabidə nəzərdə tutulan görüşlər məhz üçtərəfli danışıqlar formatında keçiriləcək.
