Niderland 2026-cı il ərzində ABŞ-dan ümumi dəyəri 360 milyon dollar olan 479 ədəd AIM-9X “Sidewinder Block II” hava-hava raketinin alınması üçün iki ayrı müraciət təqdim edib.
Army.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin və Federal Reyestrin rəsmi sənədlərində məlumat yer alıb.
İlk bildiriş ABŞ Dövlət Departamenti tərəfindən martın 6-da 26-0F nömrəsi ilə yayımlanıb, martın 12-də isə Konqresin Rəsmi Qeydiyyatında dərc edilib. Sənədə əsasən, Niderlanda 87 ədəd AIM-9X “Sidewinder Block II” raketi ilə yanaşı, 10 ədəd AIM-9X Block II CATM təlim raketinin satılması nəzərdə tutulur. Bu tədarük paketinin ümumi dəyəri 65 milyon dollar qiymətləndirilib.
İkinci müraciətə dair 26-1I nömrəli bildiriş oktyabrın 19-da Federal Reyestrdə dərc olunub. Həmin sənəd daha 392 ədəd AIM-9X “Sidewinder Block II” raketinin Niderlanda satışını nəzərdə tutur. Bu paketin dəyəri isə 295 milyon dollar təşkil edir.
Beləliklə, hər iki müraciət üzrə Niderlandın əldə etmək istədiyi döyüş raketlərinin sayı 479-a, ümumi tədarük məbləği isə 360 milyon dollara çatır.
