Ev TexnologiyaABŞ kosmosda nüvə enerjisi dövrünü başlatmağa hazırlaşır – 5 il ərzində…

ABŞ kosmosda nüvə enerjisi dövrünü başlatmağa hazırlaşır – 5 il ərzində…

by Baş Redaktor
12 Baxış

ABŞ administrasiyası kosmosda nüvə enerjisindən istifadəni genişləndirmək məqsədilə yeni strategiya açıqlayıb. Ağ Evin memorandumuna görə, mülki və hərbi qurumların birgə fəaliyyəti nəticəsində Pentaqon yaxın beş il ərzində orbitdə nüvə reaktorunun nümayişini həyata keçirə bilər.

Army.az xəbər verir ki, bu barədə “Breaking Defense” məlumat yayıb.

Sənəd Kolorado ştatında keçirilən Space Symposium konfransında Ağ Evin Elm və Texnologiya Siyasəti Ofisinin direktoru Maykl Kratsios tərəfindən təqdim olunub. “Amerikanın kosmosda nüvə enerjisi üzrə milli təşəbbüsü” adlanan bu proqram Prezident Donald Trampın ötən ilin dekabrında imzaladığı sərəncamın icrasına yönəlib və ABŞ-ın kosmosda üstünlüyünü təmin etməyi hədəfləyir.

Kratsios bildirib ki, kosmosda nüvə enerjisi Ayda, Marsda və daha uzaq məkanlarda daimi robot və gələcəkdə insan mövcudluğu üçün vacib olan elektrik, istilik və hərəkət enerjisini təmin edəcək. Onun sözlərinə görə, bu strategiyanın həyata keçirilməsi dövlət qurumlarının koordinasiyasını və özəl kosmik sənayenin innovativ yanaşmalarını tələb edir.

banner

Bundan əlavə, yaxın zamanda açıqlanacaq Milli Kosmik Nəqliyyat Siyasətinin özəl sektorun buraxılış infrastrukturlarına investisiya qoymasını təşviq edəcəyi qeyd olunub.

Memorandumda vurğulanır ki, kosmosda nüvə enerjisi icra hakimiyyətinin xüsusi diqqət mərkəzində olacaq və bu sahədə həm dövlət, həm də özəl sektorun əməkdaşlığı genişləndiriləcək.

Strategiyaya əsasən, NASA və ABŞ Müdafiə Nazirliyi paralel dizayn müsabiqələri keçirərək orbitdə və Ay səthində aşağı və orta güclü nüvə reaktorlarının hazırlanmasına zəmin yaradacaq. Eyni zamanda, 2030-cu illərdə daha yüksək güclü reaktorların yerləşdirilməsi planlaşdırılır.

NASA-nın vəzifələrinə 2030-cu ilə qədər Ay üçün uyğun orta güclü nüvə reaktorunun hazırlanması daxil olduğu halda, Pentaqon da maliyyə imkanlarından asılı olaraq 2031-ci ilə qədər orbitdə istifadə üçün nəzərdə tutulan nüvə reaktorunun yerləşdirilməsini hədəfləyir.

Strategiyanın ilk ilində Müdafiə Nazirliyi öz maliyyə resurslarını NASA layihələrinə yönəldəcək, növbəti mərhələdə isə ən azı iki fərqli şirkətlə işləyərək texniki sınaqlar və ilkin dizayn yoxlamaları həyata keçiriləcək.

Sənəddə həmçinin qeyd olunur ki, gələcəkdə bu layihələr nəticəsində ən azı 100 kilovat elektrik enerjisi istehsal edə bilən yüksək güclü kosmik nüvə reaktorlarının hazırlanması mümkün olacaq.

Əlaqəli Yazılar Xüsusi