Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki siyahısı gözlənilən dəyişikliklərə baxmayaraq son anda olduğu kimi saxlanılıb.
Army.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Məlumata görə, partiya rəhbərliyi siyahının ikinci 50-liyində düzəlişlər etməyi, 100-dən sonrakı yerlərlə bağlı qərarı isə Ermənistan Baş naziri Nikol Paşinyanın şəxsi qərarına buraxmağı planlaşdırmışdı.
Lakin yekunda siyahı dəyişdirilməyib və bütün namizədlər daxili səsvermədə əldə etdikləri mövqelərdə saxlanılıblar. Bu isə bəzi tanınmış simaların gözləniləndən daha arxa sıralarda qalmasına səbəb olub.
Belə ki, parlamentin sosial məsələlər komissiyasının sədri Heriknaz Tiqranyan siyahıda 96-cı pillədə qərarlaşıb, Mariya Karapetyan və digər şəxslər isə daha aşağı yerlərdə yer alıblar. Partiya daxilində bəzi qruplar bu fiqurların ön sıralara çəkilməsinin tərəfdarı idi.
