Süni intellekt (AI) əsasında hədəfləmə sistemi ilə təchiz edilmiş döyüş modulları bir operator tərəfindən idarə oluna bilər. Bu isə pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparan qrupların bir hissəsini digər obyektlərin müdafiəsinə yönəltməyə imkan verir.
Army.az xəbər verir ki, bu barədə “Voennaya xronika” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, adi mobil atəş qruplarında pulemyot və ya toplarla işləyən bir neçə nəfər olur. Onlar projektorun idarə olunması, dronlara atəş açılması, qrupun fəaliyyətinin koordinasiyası və nəqliyyat vasitəsinin idarə edilməsinə cavabdehdirlər.
Nəşrin qeyd etdiyinə görə, ənənəvi hesablamada bir döyüş moduluna adətən 3–4 nəfər tələb olunduğu halda, süni intellektlə işləyən sistem üçün cəmi bir operator kifayətdir.
Bildirilir ki, bu yanaşma həm atəş qruplarının sayını əhəmiyyətli dərəcədə artırmağa, həm də onların fəaliyyət coğrafiyasını genişləndirməyə imkan verə bilər.
