Polşa Rusiya ilə bağlı artan təhlükəsizlik narahatlıqları fonunda hərbi dəniz qüvvələrinin imkanlarını genişləndirmək üçün İsveçlə iri həcmli müdafiə sazişi imzalayıb.
Army.az xəbər verir ki, müqaviləyə əsasən, Varşava “Saab” şirkətinin istehsalı olan üç ədəd beşinci nəsil A-26 sinifli sualtı qayıq alacaq.
Layihənin ümumi dəyəri 4,8 milyard dollar təşkil edir.
Qdinya şəhərində keçirilən imzalanma mərasimində çıxış edən Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, yeni sualtı qayıqlar Baltik dənizində əməliyyatlar üçün xüsusi olaraq hazırlanıb və həm Hərbi Dəniz Qüvvələrinin, həm də xüsusi təyinatlı bölmələrin tələblərinə cavab verəcək.
Saziş Polşanın Baş naziri Donald Tusk və İsveçin Baş naziri Ulf Kristersson tərəfindən imzalanıb.
“Saab” şirkətinin açıqlamasına görə, müqaviləyə sualtı qayıqlarla yanaşı silah sistemləri, ekipajların hazırlanması və logistika dəstəyi də daxildir. Plana əsasən, ilk A-26 sualtı qayığı 2031-ci ildə, sonuncusu isə 2038-ci ildə Polşaya təhvil veriləcək.
