Türkiyə və Misir müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım atıblar.
Army.az xəbər verir ki, bu barədə tərəflərin Ankarada keçirdiyi görüşlərdən sonra məlumat verilib.
Misirin müdafiə və hərbi istehsal naziri, general-leytenant Əşrəf Salem Zaherin Türkiyəyə rəsmi səfəri çərçivəsində iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın inkişafını nəzərdə tutan Niyyət Məktubu imzalanıb.
Sənədi Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və Əşrəf Salem Zaher imzalayıblar. Bundan əvvəl Misirli nazir Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüş keçirib.
Haluk Görgün sosial şəbəkədə paylaşım edərək bildirib ki, danışıqlarda müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları, birgə layihələr və qarşılıqlı potensialın inkişafı müzakirə olunub.
Görüşdə hər iki ölkənin müdafiə qurumlarının nümayəndələri iştirak edib. Tərəflər regional təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcək ortaq layihələrin əhəmiyyətini xüsusi vurğulayıblar.
