ABŞ dövlət katibi Marko Rubio Çin lideri Si Cinpinin sentyabr ayında ABŞ-yə gözlənilən səfəri ilə bağlı hazırlıq prosesinin davam etdiyini açıqlayıb.
Army.az xəbər verir ki, Rubio bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O bildirib ki, Vaşinqton Çin sədrinin səfərinin sentyabrda reallaşacağını gözləyir. Dövlət katibinin sözlərinə görə, Pekin səfərlə bağlı hazırlıq işlərini davam etdirir və bu məqsədlə müvafiq qruplar ABŞ-yə göndərilir.
“Bunun əksini göstərən heç bir məlumat almamışam. Buna görə də onların gəlməyəcəyini düşünmək üçün əsas yoxdur. Bu səfər böyük əhəmiyyət daşıyır”, – Rubio qeyd edib.
ABŞ dövlət katibi iki böyük dövlət arasında fikir ayrılıqlarının normal olduğunu vurğulayıb. Onun sözlərinə görə, mövcud ziddiyyətlərə baxmayaraq, Vaşinqton və Pekin dialoqu davam etdirməli və ikitərəfli münasibətləri qorumağa çalışmalıdır.
