ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Kuba istiqamətində fəaliyyətini genişləndirmək məqsədilə xüsusi gizli əməliyyat qrupu formalaşdırdığı iddia olunur.
Army.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilib ki, yeni yaradılan strukturun tərkibində kəşfiyyat analitikləri, agent şəbəkəsinin qurulması ilə məşğul olan əməkdaşlar, kibertəhlükəsizlik və gizli əməliyyatlar üzrə mütəxəssislər yer alır.
Nəşrin yazdığına əsasən, ayrıca bölmənin yaradılması MKİ-yə Kuba ilə bağlı əməliyyatlara daha çox maliyyə vəsaiti, texnoloji imkanlar və əlavə kadr resursları ayırmağa şərait verəcək.
Mənbələrin iddiasına görə, Vaşinqton bu qrup vasitəsilə Kuba hakimiyyət dairələrində fikir ayrılıqlarını dərinləşdirməyə çalışır. Bildirilir ki, ABŞ administrasiyası ölkənin siyasi rəhbərliyində sərt mövqe nümayiş etdirən fiqurların əvəzinə Vaşinqtonla münasibətlərdə daha çevik yanaşma sərgiləyə biləcək şəxslərin ön plana çıxmasını hədəfləyir.
