ABŞ-ın İranla Hörmüz boğazı ilə bağlı razılaşmanı artıq bu gün elan edəcəyi gözlənilir.
Army.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ, İran və Oman Hörmüz boğazının açılması ilə bağlı müvəqqəti sazişin imzalanmasına yaxındırlar.
Bildirilir ki, razılaşma eyni zamanda ABŞ və İran arasında atəşkəs rejiminin bərpasını və yeni nüvə sazişi üzrə danışıqların yenidən başlanmasını nəzərdə tutur.
Mənbələrin sözlərinə görə, sənəd Tehranın bəzi tələblərini də qarşılayacaq. Belə ki, razılaşma İrana Hörmüz boğazında gəmiçiliyə əvvəlkindən daha geniş nəzarət imkanları verəcək.
İlkin məlumata əsasən, saziş aşağıdakı müddəaları ehtiva edir:
*Fars körfəzinə daxil olan gəmilər İranın ərazi sularından keçəcək;
*Fars körfəzindən Ərəb dənizi istiqamətində çıxan gəmilər isə İranla koordinasiya şəraitində Omanın ərazi sularından hərəkət edəcək;
*İlk 60 gün ərzində gəmiçilik rüsumları və digər ödənişlər tətbiq edilməyəcək;
*İlk 30 gün ərzində tərəflər mərkəzi gəmiçilik dəhlizində minaların təmizlənməsi işlərini həyata keçirəcəklər;
*Minalardan təmizləmə başa çatdıqdan sonra mərkəzi marşrutun hər iki istiqamətdə gəmilərin hərəkəti üçün açılması və bunun gələcək daimi saziş çərçivəsində rəsmiləşdirilməsi planlaşdırılır.
