ABŞ Dövlət Departamenti İran vətəndaşlarına ünvanlanan videomüraciət yayıb.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Müraciətdə qeyd olunub ki, ABŞ İranı zəngin tarixi, qədim mədəniyyəti və böyük potensiala malik xalqı ilə tanıyır. Videoda iranlıların təhlükəsiz, sabit və azad cəmiyyətdə yaşamaq arzusunun təbii istək olduğu vurğulanıb.
Dövlət Departamenti İran xalqının tarix boyu əldə etdiyi nailiyyətlərə diqqət çəkərək bildirib ki, əsas problem xalqın özündə deyil. Videoda mövcud çətinliklərin səbəbi kimi əməkdaşlıq əvəzinə qarşıdurma siyasətinə üstünlük verən hakimiyyət göstərilib.
Müraciətdə “İranın inkişafına mane olan nədir?” sualı səsləndirilərək, ölkənin üzləşdiyi problemlərin mənbəyinin idarəçilik yanaşması olduğu mesajı verilib.
ABŞ tərəfi İranın gələcəyinin məhz iranlılar tərəfindən müəyyənləşdirilməli olduğunu vurğulayıb. Videonun sonunda isə “İranın hekayəsi davam edir və onun ən uğurlu dövrü hələ qarşıdadır” fikrinə yer verilib.
