İşğal altında olan Zaporojye Atom Elektrik Stansiyası yaxınlığında müvəqqəti lokal atəşkəs qüvvəyə minib.
Army.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi məlumat yayıb.
Məlumata görə, MAQATE-nin vasitəçiliyi ilə əldə olunan razılaşma müharibə nəticəsində zədələnmiş 750 kV-luq “Dneprovskaya” elektrik ötürmə xəttinin təmirinə imkan yaradacaq.
Hazırda Avropanın ən böyük atom elektrik stansiyası yalnız bir xarici enerji xəttindən asılı vəziyyətdədir. Həmin xətt stansiyanın fəaliyyəti dayandırılmış altı reaktorunun soyutma sistemlərini enerji ilə təmin edir.
MAQATE qeyd edib ki, planlaşdırılan bərpa işləri nüvə təhlükəsizliyi risklərini azaltmağa və mümkün texnogen qəzanın qarşısını almağa kömək edəcək.
