Qazaxıstanda sovet dövründən qalan simvolların aradan qaldırılması istiqamətində addımlar davam edir. Kostanay vilayətinin Kuşmurun qəsəbəsində Sovet İttifaqının keçmiş rəhbəri Vladimir Leninin abidəsi sökülüb.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti açıqlama yayıb.
Qurumun məlumatında qeyd olunub ki, abidənin sökülməsi Kostanay vilayətinin akimatının tələbi əsasında həyata keçirilib. Bildirilib ki, qəsəbənin mərkəzi meydanında yerləşən sovet simvolunun götürülməsi məsələsi ilk dəfə gündəmə gəlmir. Belə ki, 2015–2022-ci illərdə də abidənin sökülməsi ilə bağlı cəhdlər olub, lakin həmin vaxt sovet ideologiyasının tərəfdarları buna mane olublar.
Ukrayna Xarici Kəşfiyyat Xidmətinin açıqlamasına əsasən, bu dəfə vilayət rəhbərliyi abidənin götürülməsi məsələsini həll edib.
