İranın hərbi proqramları ilə əlaqəli genişmiqyaslı ticarət şəbəkəsi beynəlxalq sanksiyalara və ABŞ-ın dəniz blokadasına baxmayaraq, ölkəyə milyardlarla dollar dəyərində hərbi təyinatlı avadanlığın daşınmasını təmin edib. 5000-dən artıq qurumu əhatə edən bu sistem raket və pilotsuz uçuş aparatlarının istehsalı üçün zəruri komponentlərin tədarükündə istifadə olunub.
Army.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi apardığı araşdırmanın nəticələrinə və əldə etdiyi mənbə məlumatlarına istinadən xəbər yayıb.
Araşdırmada bildirilir ki, şəbəkəyə daxil olan qurumlardan biri 2024-cü ilin dekabrı ilə 2026-cı ilin iyulu arasındakı dövrdə ümumi dəyəri 2,3 milyard dollar olan hərbi təyinatlı məhsullar idxal edib. Tədarük edilən mallar arasında partlayıcı maddələr, raket yanacağının istehsalında istifadə olunan kimyəvi birləşmələr, silah komponentləri və ağır tonnajlı yük avtomobilləri yer alıb.
Agentliyin məlumatına görə, sözügedən şəbəkənin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələri var. Müxtəlif təchizat kanalları vasitəsilə İrana çatdırılan məhsulların mənşəyi kimi Çin, Rusiya və bir sıra Avropa ölkələri göstərilib.
Araşdırmanın diqqətçəkən məqamlarından biri də ödəniş mexanizmləri ilə bağlıdır. Məlumata əsasən, idxal olunan yüklərin 97 faizi üzrə hesablaşmalar birbaşa xarici valyuta köçürmələri aparılmadan həyata keçirilib. Bunun əvəzinə xarici vasitəçilər qanunsuz neft satışından əldə edilən vəsaitləri avadanlıqların alınmasına yönəldiblər.
