Yəmənin informasiya naziri Muammar Əl-Əryani husilərin İranın Körfəz ölkələrinə qarşı həyata keçirdiyi hücumları alqışlamasına münasibət bildirib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Nazirin sözlərinə görə, husilər təkcə Tehranın tərəfdaşı deyil, həm də İranın sərhədlərdən kənara çıxan hərbi, təhlükəsizlik və siyasi mexanizminin ayrılmaz hissəsi kimi fəaliyyət göstərirlər.
Əl-Əryani qeyd edib ki, husilərin regiondakı mülki obyektlərə yönələn hücumlara dəstək verməsi onların Yəmənin qonşuları və beynəlxalq gəmiçilik üçün təhlükə yaratmadıqları barədə açıqlamalarını etibarsız edir.
O vurğulayıb ki, husi hərəkatı Yəmən ərazisini İranın regional planlarının həyata keçirildiyi platformaya çevirib. Nazir bildirib ki, bu siyasət müharibənin uzanmasına səbəb olur və ölkəni Yəmən xalqının maraqlarına, eləcə də regional sabitliyə zidd olan qarşıdurmalara sürükləyir.
