Ev Hərb tarixiBakının azad edilməsindən 108 il ötür

Bakının azad edilməsindən 108 il ötür

by Baş Redaktor
16 Baxış

Bu gün Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad edilməsinin 108-ci ildönümüdür.

Army.az xəbər verir ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri işğaldan azad edib.

Həmin dövrdə mayın 28-də müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin nəzarətindən Bakı və ətraf ərazilər kənarda qalırdı. Bu isə yeni qurulan dövlətin həm təhlükəsizliyi, həm də ərazi bütövlüyü baxımından ciddi problem yaradırdı.

Müstəqil Azərbaycan hökumətinin hərbi imkanlarının məhdud olduğu bir vaxtda Osmanlı Türkiyəsi qardaş ölkəyə yardım göstərmək qərarına gəlib. Avropa dövlətlərinin etirazlarına baxmayaraq, Osmanlı ordusunun dəstəyi ilə formalaşdırılan Qafqaz İslam Ordusu 1918-ci ilin yayında Bakı istiqamətində hərbi əməliyyatlara başlayıb.

banner

Sentyabrın 15-də həyata keçirilən hücum nəticəsində Bakı işğaldan azad edilib. Şəhərin azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin əsas siyasi və iqtisadi mərkəzi üzərində nəzarəti bərpa edib.

Bakıya köçən hökumət sentyabrın 17-də şəhəri Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edib. Bununla da dövlət quruculuğu prosesində yeni mərhələ başlayıb.

Bakının azad edilməsi şəhərdə böyük sevinc və bayram ab-havası yaradıb. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk əsgərlərinin şərəfinə indiki Azərbaycan Dövlət Filarmoniyasının binasında ziyafət təşkil edib və Nuru Paşa başda olmaqla ordunun komandanlığına hədiyyələr təqdim edib.

Qafqaz İslam Ordusunun Bakı uğrunda döyüşlərində 1130 türk əsgərinin şəhid olduğu bildirilir. Osmanlı qoşunları bir müddət sonra Antanta dövlətlərinin təzyiqi fonunda Azərbaycanı tərk etməyə məcbur olub.

Sentyabrın 15-də Bakının azad edilməsi Azərbaycan-Türkiyə tarixində xüsusi yer tutur. Sovet hakimiyyəti illərində hadisəyə fərqli siyasi yanaşma sərgilənsə də, Azərbaycan xalqı türk əsgərlərinin göstərdiyi fədakarlığı yaddaşında qoruyub.

Hazırda hər il sentyabrın 15-də Bakıda və digər bölgələrdə Azərbaycanın azadlığı uğrunda döyüşlərdə həlak olan türk əsgərlərinin xatirəsi yad edilir. Qafqaz İslam Ordusunun Azərbaycan uğrunda verdiyi şəhidlər iki xalq arasındakı tarixi qardaşlığın simvollarından biri kimi xatırlanır.

Əlaqəli Yazılar Xüsusi