Belarusun Ukrayna ilə sərhəddə yerləşən Qomel vilayətində yeni hərbi təlim poliqonunun inşa edildiyi bildirilir. Obyektin ərazisində ağır hərbi texnikanın dəmir yolu vaqonlarından operativ şəkildə boşaldılması üçün xüsusi infrastrukturun yaradılması da nəzərdə tutulub.
Army.az xəbər verir ki, bu barədə Belarus mediası məlumat yayıb.
Məlumata görə, rəsmi sənədlərdə “Qomel vilayətində poliqonun tikintisi” kimi qeyd olunan layihəyə ayrıca dəmir yolu xəttinin salınması daxildir. Xəttin eyni vaxtda 60-dək vaqonu qəbul edə biləcəyi bildirilir. Bundan başqa, təkərli və tırtıllı hərbi texnikanın vaqonlardan endirilməsi üçün panduslarla təchiz edilmiş yük platformasının yaradılması planlaşdırılır.
Yeni poliqonun konkret hansı ərazidə yerləşəcəyi hələ açıqlanmayıb.
2023-cü ilin sonlarından Qomel şəhəri yaxınlığında yeni hərbi bazanın genişmiqyaslı tikintisi aparılır. Ehtimallara görə, Belarusun 2025-ci ildə “cənub sektorunun gücləndirilməsi” məqsədilə yaratdığı 37-ci Desant-Hücum Briqadasının burada yerləşdirilməsi planlaşdırılır.
Minsk yeni hərbi birliyin yaradılmasını Ukraynadan qaynaqlanan mümkün təhdidlərə qarşı müdafiənin gücləndirilməsi ilə izah edib.
Belarusun dövlət kadastr xəritələrində obyektin şərq hissəsi “hərbi şəhərcik”, qərb hissəsi isə “təlim-taktiki sahə” kimi göstərilir.
